mediaxeber.info
mediaxeber.info

Universitetlər bu əraziyə köçürülür: Ən uyğun yer

4-12-2019 | Oxunub: 452 |

Universitetlər bu əraziyə köçürülür: Ən uyğun yer

Hazırda universitetlərin köçürülməsi üçün ən müvafiq yer elə məhz Xocəsən gölünün ətrafıdır. Xüsusilə bölgələrdən Bakıya təhsil almaq məqsədilə gələn tələbələr üçün Bakı Beynəlxalq Avtovağzalına yaxınlığı ilə seçilən bu ərazini ideal hesab etmək olar.

Bu sözləri Mediaxeber.info-ya əmlak eksperti Elnur Fərzəliyev noyabrın 27-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakının Baş Planı üzrə yanaşmaların müzakirəsinə həsr olunan Strateji sessiyada ali təhsil müəssisələrinin Xocəsən gölünün ətrafına köçürülməsinin nəzərdə tutulmasına münasibət bildirərkən deyib.

E.Fərzəliyev bildirib ki, Xocəsən gölünün ətrafı mərkəzə ən yaxın, boş ərazisi olan yerdir:

“Bu baxımdan ali təhsil ocaqlarının həmin əraziyə köçürülməsi məqsədəuyğundur. Çünki Bakıətrafı ərazilərin hansına nəzər yetirsək, məlum olacaq ki, həmin ərazilər artıq tutulub. Yəni hazırda kənardan baxanda həmin ərazilər boş görünsə də, əslində sahibləri var. Üstəlik satış qiymətləri də çox yüksək təklif olunur”.

Ekspert bildirib ki, sözügedən əraziyə köçürülən universitetlərin kampus şəklində fəaliyyəti yollardakı sıxlığın da azalmasına böyük təsir göstərəcək:

“Bu həm də şəhərdəki sıxlığın aradan qaldırılması baxımından olduqca əlverişlidir. Hesab edirəm ki, bu layihə mütləq şəkildə həyata keçirilməlidir. Həmin ərazidən şəhərin mərkəzinə hərəkət üçün də hər bir imkan var. Baş Planda hətta həmin əraziyə metro xəttinin çəkilməsi də müzakirə olunurdu. Bu da həmin universitetlərə marağı artıracaq. Orada işləyən müəllimlər də rahatlıqla gediş-gəliş əldə edəcəklər”.

E.Fərzəliyev bildirib ki, Bakının Baş Planı qəbul edilərsə, iş adamları, biznesmenlər bundan yararlanmalı və xüsusilə Xocəsən gölünün ətrafında kampus şəklində ali təhsil ocaqlarının inşasında maraqlı olmalıdır:

“Bu, olduqca yüksək gəlir gətirən bir işdir. Məsələn, bir kampus şəkilli ali təhsil ocağının inşasına sərf etdiyiniz vəsaiti həmin kampusun yataqxanasından gələn gəlirlərlə 4-5 ilə tam çıxarmaq mümkündür. 4-5 ildən sonra yataqxanadan gələn gəlir həmin sahibkarın daimi qazanc yeri olur. Çünki kampusların yataqxanaları tələbələrə pulsuz verilmir. Sadəcə kirayə mənzillərdən həm komfortlu, həm etibarlı, həm də ucuz olur”.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA