mediaxeber.info
mediaxeber.info

Prezidentdən iqtidara master-klass... - Əli Həsənov

28-11-2019 | Oxunub: 868 |

Prezidentdən iqtidara master-klass... - Əli Həsənov

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Sumqayıtda və BDU-nun yubileyində etdiyi çıxışlar haqda bəzi qeydləri paylaşıb.

Mediaxeber.info sözügedən məqaləni təqdim edir:

"Azərbaycan Prezidentinin son iki çıxışının əsas yekunu budur: uğurlarımız faktdır, lakin dayanmaq olmaz, biz daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurmalıyıq. Bu hədəfə doğru irəliləyərkən keçmiş illərin nə uğurlu səhifələrini, nə də ki, acı xatirələrini; nə ölkəni idarə edənlərin uğurlarını, nə də səriştəsiziliklərini; nə siyasi qətiyyətin nəticələrini, nə də səhlənkarlıqların fəsadlarını unutmamalıyıq. Qarşıdan gələn müddətdə milli tariximizin bütün dərslərini və yaşana biləcək fəsadları göz önünə almalı, ümum-Azərbaycan məsələlərində dövlətçiliyə xidmət edənləri də, düşmənlərimizlə bir sırada yer alanları da, belələrindən qəhrəman düzəldənləri də yaxşı tanımalıyıq. Biz- Azərbaycanın inkişafına məsul olan iqtidar komandası dövlətçiliyimizin və milli maraqlarımızın ətrafında daha sıx birləşərək, bu yolda heç bir təxribatçı fəaliyyətə, komanda oyununa xələl gətirmə istiqamətindəki əyintilərə imkan verməyəcəyik.

Hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, uzun müddətdir hakimiyyət təmsilçiləri iqtidarla yanaşı müxalifətdə də kadr və təşkilatı islahatların vacibliyi haqqında çıxışlar edirdi, 25-30 ildir ki, eyni liderlərin rəhbərlik etdiyi ənənəvi müxalifətin yenilənməsi ilə bağlı müzakirələr aparırdı. Təəssüf ki, müzakirələrə qatılmaq əvəzinə əks tərəfdən yalnız anlaşılmaz və inkarçı münasibət görürük. Nə gizlədək, bəzən iqtidar komandasında da belə müzakirələrə könülsüz qoşulanlar tapılırdı. Cənab Prezident Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışında bu mövzuya toxunaraq vurğuladı ki, Azərbaycanın müxalifət düşərgəsində bu gün ciddi bir boşluq yaranıbdır, ölkədə sağlam müxalifətin yaranmasına, dövlətçiliyə sadiq, xalqa bağlı olan, doğrudan da konstruktiv təkliflər verə bilən, hakimiyyəti konstruktiv formada tənqid edən, alternativ inkişaf yolları göstərən müxalifət yaranarsa, biz buna yalnız sevinərik. Cənab Prezidentin Sumqayıtda və BDU-nun yubileyində etdiyi çıxışlardakı fikirləri, ritorikası, səsləndirdiyi qətiyyətli çağırışlar, düşünürəm ki, həm sağlam əqidəli opponentlərimizə, həm hər iki düşərgənin islahat müəlliflərinə, həm də bu istiqamətdəki müzakirələrə könülsüz qoşulan siyasətşünaslara ciddi düşünmək üçün xeyli mövzu verir. Hesab edirəm ki, cənab Prezidentin son iki tədbirdəki çıxışları iqtidar komandasının hər bir üzvü və mövcud hakimiyyətin aktiv dəstəkçiləri üçün master-klass sayıla bilər.

Çıxışlarda vurğulanan əsas məqamlar haqqında bir qədər təfsilata varmaq istəyirəm:

1. Azərbaycan Prezidentinin çıxışlarında vurğulanan və əsaslandırılan əsas fikirlərdən biri ondan ibarət idi ki, bugünkü Azərbaycan Heydər Əliyevin 1969-cu ildən başlanan və ardıcıl şəkildə həyata keçirdiyi məqsədyönlü fəaliyyətinin nəticəsidir. Keçən əlli ildə Azərbaycanın geridə qalmış aqrar respublikadan inkişaf etmiş sənaye və kənd təsərrüfatı ölkəsinə çevrilməsi, ictimai-siyasi və mədəni həyatın bütün sahələrində hərtərəfli inkişaf etməsi, ölkənin milli maraqlarının təmin edilməsi, SSRİ-nin aparıcı respublikalardan, hazırda isə regionun aparıcı dövlətlərindən birinə çevrilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyevin respublikamızdakı ilk hakimiyyəti illərində Azərbaycanda ali məktəblərin və ali məktəb məzunlarının ümum əhali sayına nisbəti kəskin şəkildə artaraq inkişaf etmiş Qərb dövlətlərinin göstəricilərinə yaxınlaşmışdı. Azərbaycan ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin, elminin, təhsilinin, səhiyyəsinin sovet hakimiyyəti illəri ərzində ən gözəl nəticələri və qiymətləndirilməsi də məhz bu dövrə təsadüf edirdi. Prezidentin bu fikirləri ilə mübahisə etmək mümkünsüzdür: Heydər Əliyevin yaratdığı güclü kadr potensialı bu gün də ölkəmizin, müstəqil dövlətimizin uğurlu inkişafını təmin edir.

Bu illərdə respublikada 10-larla elm, mədəniyyət ocaqları inşa olunmuş, onları təmsil edən xadimlər respublikanın və Sovet İttifaqının ali mükafatları və fəxri adları ilə təltif edilmiş, Azərbaycan mədəniyyətin uğurları Sovet İttifaqının hüdudlarını aşaraq dünya miqyasına çıxmışdır. Prezidentin qeyd etdiyi kimi, “ Heydər Əliyevin rəhbərliyi dövründə- 13 il ərzində Azərbaycan hər il “Qırmızı keçici bayraq” alıbdı. Bu, bir daha onu təsdiq edir ki, onun rəhbərliyi ilə Azərbaycan böyük və uğurlu yol keçmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda respublikamız SSRİ-də ən sonuncu yerlərdə idi. Lakin O, Azərbaycanı böyük inkişafa qovuşduraraq ən qabaqcıl yerlərə qədər ucaltdı”.

Heydər Əliyevin birinci hakimiyyəti illərində həm də ölkənin iqtisadi inkişaf trendləri düzgün təhlil edilərək SSRİ-nin xammal əlavəsi statusundan çıxması və yerli sənaye müəssisələrinin inkişafı istiqamətində ciddi addımlar atılmışdı. Bununla yanaşı, Azərbaycanın müsbət demoqrafik göstəricilərinin saxlanması və daha da yaxşılaşması istiqamətində artan digər addımlar- əhalinin məşğulluğunu təmin etmək məqsədilə respublikanın şəhər və qəsəbələrində yaradılan çoxsaylı sənaye obyektləri, Sovet İttifaqında ən qabaqcıli soyuducu və kondisioner zavodlarının Bakıda qurulması, ölkə üzrə çoxsaylı yerli aqrar sənaye komplekslərinin yaradılması, Nabrandan Lənkərana qədər Xəzər sahilində neçə-neçə ümumittifaq əhəmiyyətli turizm–sanatoriya komplekslərinin salınması və s. tədbirlər xüsusi qeyd edilməlidir. Neft sənayesinin gələcəyini təmin etmək üçün dərin özüllər zavodu qurulmuş, dənizdə neft- qaz kəşfiyyatı işləri aparılmışdı. Bu, bir həqiqətdir ki, o zaman kəşf edilmiş yataqlar olmasaydı, sonradan ölkəmizin iqtisadi və geosiyasi müstəqilliyinin əsası olan “Əsrin müqaviləsi”nin imzalanması da mümkün olmazdı. Artıq 80-ci illərin ortalarına doğru Azərbaycan büdcəsinin neftdən asılılığına, demək olar ki, son qoyulmuşdu – o zaman üçün yeni modern texnologiyalara malik çoxsaylı müəssisələr qurulmuşdu ki, bu müəssisələr aqrar sənaye kompleksləri ilə birlikdə respublika büdcəsinin böyük hissəsini formalışdırırdı. Təəssüf ki, 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində qısa zaman kəsiyində ölkəyə rəhbərlik edənlər bu əlverişli iqtisadi zəmini möhkəmlətmək, onun üzərində iqtisadi suverenliyi təmin etmək əvəzinə mövcud sistemi dağıtmaqla məşğul oldular. Bu dağıdıcılığa xalqın cavabı Heydər Əliyevin xilaskarlıq missiyası ilə hakimiyyətə dəvət edilməsi oldu. BDU-dakı çıxışında Cənab Prezidentin qeyd etdiyi kimi, “məhz 1970-ci illərdə Heydər Əliyevin gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı,1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalanda Azərbaycan xalqı ona müraciət etməzdi”.

2. Heydər Əliyev hakimiyyətdə olduğu birinci dövrdə Azərbaycanın demoqrafik göstəricilərinin günü-gündən yaxşılaşması faktoru, ölkədaxili miqrasiyanın düzgün nizamlanması, cənab Prezidentin Sumqayıtdakı çıxışında qeyd edildiyi kimi, Dağlıq Qarabağda azərbaycanlı əhalinin nisbətini iki dəfə artırmışdı. Ölkədə azərbaycanlı əhalinin artım sürəti, ermənilərin İrəvan şəhərinə və Rusiyanın mərkəzi əyalətlərinə emiqrasiya templərini də nəzərə alsaq, Dağlıq Qarabağ probleminin təbii şəkildə həllini yaxınlaşdırırdı. Dünya tarixinin belə nümunələrlə zəngin olduğunu xatırlatmağa, yəqin ki, xüsusi ehtiyac yoxdur, elə bizim bəzi tarixi torpaqlarımız da məhz ayrı-ayrı zamanlarda həmin ərazilərdə demoqrafik balansın əleyhimizə pozulması ilə itirilib. Heydər Əliyevin hakimiyyəti illərində Dağlıq Qarabağda azərbaycanlıların üstünlük təşkil etdiyi ikinci rayon yaradılmış, Dağlıq Qarabağın Azərbaycana hərtərəfli inteqrasiyası üçün bir sıra digər addımlar atılmış, separatçılıq meyillərinin qarşısı qətiyyətlə alınmışdı. Azərbaycan ziyalıları tərəfindən həmin dövrdə erməni millətçilərinin əsassız iddialarına cavab verilməsi üçün hərtərəfli münbit şərait yaradılmışdı. Erməni lobbisinin Heydər Əliyev əleyhinə fəaliyyətinin, onun vəzifədən uzaqlaşıdırlması üçün məkrli planlar qurmasının əsas səbəbləri də elə məhz bunlar idi.

Məhz Heydər Əliyev hakimiyyətdən getdikdən sonra erməni separatçıları Azərbaycana qarşı geniş separatçı kampaniya təşkil etmək, öz iddialarını reallaşdırmaq üçün fürsət qazandılar. Ona görə də Azərbaycanda ermənilərin separatçılıq iddiaları əleyhinə baş qaldırmış kortəbii vətənpərvərlik fəaliyyəti, sonrakı illərdə məhz Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verməsinə etiraz olaraq tədricən ümumxalq hərəkatına, daha sonra isə onun liderliyi ilə milli azadlıq hərəkatına çevrilmişdir. Bu səbəbdən də xalq hərəkatının ilk illərində Azərbaycana ezam olunmuş mərkəzi mətbuat nümayəndələri reportajlarında xalq hərəkatında “Heydər Əliyev izi” axtarır, hərəkatı mənfi çalarlarla təqdim edərək, onu əliyevçilik kimi (aliyevşina) qiymtləndirirdilər. Bəli, bu gün Azərbaycanın ən yeni siyasi tarixini öyrənənlər bu faktı etiraf etməyə məcburdurlar: aksiyalar məhz Heydər Əliyevə simpatiya bəsləyən insanların etiraza qoşulması ilə kütləviləşmiş və tədricən ümumxalq hərəkatı xarakteri almışdır. “Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?” başlıqlı yazımda qeyd etdiyim kimi, “Milli Azadlıq Hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin - görkəmli siyasi və dövlət xadiminin dayanması qısa zaman kəsiyində Azərbaycan cəmiyyətində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu”.

3. Təəssüf ki, xalq hərəkatının əsas təşkilatlanma forması olan AXC 1992-ci ildə mövcud reallıqlara maneçilik törədərək, milli-azadlıq hərəkatı iştirakçılarına öz ümummilli liderini- Heydər Əliyevi hakimiyyətə gətirməsi işinə süni əngəllər yaratmış, “mənfur yaş senzi” qadağası ləğv edilmədən “seçkiyə” gedilmişdi. Hakimiyyətdə olduqları qısa müddət ərzində AXC-Müsavat hakimiyyətinin xəyanətkar siması, anti-demokratik mahiyyəti ifşa edildi. Bu cütlüyün yarıtmaz siyasəti nəticəsində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xalq Cəbhəsi vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı... Görəndə ki, özlərini qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas elə. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas elə, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı".

4. AXC-Müsavat hakimiyyətində ölkə niyə dağılmaq həddinə çatdı? Əbülfəz Elçibəyin komandasında təmsil olunanlar tutduqları postlara nə qədər adekvat və layiq idilər? Niyə bir il əvvəl hakimiyyətə gəlişi önündə süni maneə yaratdıqları, 6 ay əvvəl silahlı çevrilişlə Naxçıvan Ali Məclisi sədrliyindən uzaqlaşdırmaq istədikləri Heydər Əliyevin xilaskarlıq missiyasına möhtac oldular?

Məşhur frazada deyildiyi kimi, “hər şeyi kadrlar həll edir”. Meydan hərəkatının nəticəsi olaraq ölkənin ən ali postunda əyləşmiş Əbülfəz Elçibəy ona qədər heç bir müəssisəyə rəhbərlik etməmişdi, heç bir vəzifə tutmamışdı, Əlyazmalar İnstitutunda adi bir elmi işçi olmuşdu. Elçibəyin ”cavanları başıma yığıb təzədən inqilab edəcəm”, ”tankın qabağında dayanan oğlanlar pulun qabağında dayana bilmədi”, “qanunları pozmaq olmaz, amma yan keçmək olar”, sonrakı müsahibələrində “o dövrdəki prezidentlik, prezidentlik deyildi, amma mən yenidən prezident olacam”, “getməyib nə eməliyidim, Surət məni öldüməliyidi?” kimi “aforizmləri” onların idarəçilik fəlsəfəsinin nə qədər primitiv olmasını, hər hansı məzmun, prinsip və mahiyyətdən– substansiyadan xaliliyini göstərməklə yanaşı, həm də bu komandanın zəifliyinin, acizliyin, səriştəsizliyinin acı etirafları idi. Cənab Prezidentin dediyi kimi, Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə qoyaraq qaçmışlar. Halbuki “liderin vəzifəsi dövləti qorumaq, xalqla bir yerdə olmaqdır. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir”.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA