mediaxeber.info
mediaxeber.info

20 yanvar- Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir.

19-01-2020 | Oxunub: 552 |

20  yanvar- Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir.

Xalqımızın Qan Yaddaşı, Qəhrəmanlıq Salnaməsi sayılan Qanlı 20 Yanvar ilə bağlı fikirlərini bildirmək üçün Azadlıq Mücahidimiz, Qarabağ Müharibəsi Veteranımız Qafqaz Müsəlmanları İdarəsinin Qərb Zonası üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahır Qaradağiyə müraciət etdik.
Bütün bu ağır günləri canlı şahidi olar Hacı Tahir Abbasov bildirdi ki, tam 30 il öncə, 1990- cı il yanvar ayının 19-dan 20- sinə keçən gecə Azərbaycan xalqına qarşı qanlı qətliam törədilmişdir. 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış,bir çox insan itkin düşmüş, yüzlərlə vətəndaşın şəxsi əmlakına zərər dəymişdir.
Hər il ölkəmizdə və dünyanın bir çox ölkələrində böyük hüznlə, bu acı tarix qeyd olunur, azadlıq, müstəqillik, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz yad olunur, onlara rəhmət oxunur. Bununla da xalqımız öz qəhrəmanlarına vəfa borcunu yerinə yetirməklə, bir daha belə faciələrin baş verməməsi üçün mütəşəkkillik nümayiş etdirir.
Tarixi baxımdan 30 il çox böyük zaman deyil.Ancaq, 2020- ci ilin inkişaf etmiş,beynəlxalq münasibətlər sistemində güclü mövqeyi ilə seçilən,müasir Azərbaycan dövlətinin gəncliyi üçün, o dövrün hadisələrini tam təfərrüatı ilə təsəvvür etmək, təbii olaraq müəyyən çətinliklər yaradır. Reallıq ondan ibarətdir ki, ümumi vətənimiz olan SSRİ, o dövrün rəsmi ideologiyasına uyğun olaraq qapalı, olduqca məhdud informasiya, senzura, və əsasən ikinci dünya müharibəsindən sonra,kommunizm ideyalarını bütün dünyaya təbliğ etdiyinə görə Qərb aləmi ilə “ Soyuq müharibə” aparan totalitar dövlət idi. Müasir dövrün texniki tərəqqisi, internet və sairə, o zaman üçün təsəvvür edilməyəcək dərəcədə fantastik görünə bilərdi.
Bir çox sahələrdə olduğu kimi,SSRİ-nin dövlət idarə etmə sistemi də, spesifik xüsusiyyətləri ilə seçilirdi.Məsələn, yarandığı gündən ta 1985- ilə qədər Sovet İttifaqına rəhbərlik etmiş şəxslər, ömürlərinin son günlərinə qədər vəzifələrini icra etmişlər və həmin ildə, təsadüfən dövlətin başına Qorbaçov gətirilir.Sonralar o, tarixə SSRi kimi super dövləti parçalayan, millətlər arası münaqişələr yaradan, Qazaxıstanda,Azərbaycanda,Gürcüstanda,Litvada haqq ədalət tələb edən insanların qanlarının tökülməsinə bais olan zəif,xarici təsirlərə məruz qalan, dövlət maraqlarını ucuz qiymətə satan,”marionet” rəhbər kimi düşdü. Baş katib seçildikdən dərhal sonra, ətrafına Şaxnazaryan, Aqanbekyan, Sitaryan və digər çoxsaylı , yanları,toplamaqla və artıq yaxşı pis formalaşmış,hər bir dövlətin təhlükəsizliyi üçün əsas məsələlərdən hesab olunan milli münasibətlər sistemini dağıtdı. Bir başa erməni lobbisi ilə əlaqəyə girməklə, Azərbaycanın gözəl guşələrindən olan,tarixi torpaqlarımız Qarabağda separatçılıq toxumları səpməyə başladılar. Ancaq bu məsələnin tezliklə başa çatdırılması üçün Qorbaçovun və erməni lobbisinin qarşısında böyük bir maneə var ıdi. O maneə, o zaman Sovet İttifaqı Kommunist partiyasının Siyasi bürosunun üzvü, SSRİ nazirlər soveti sədrinin 1- ci müavini vəzifəsini tutan və Baş katib Çernenkodan sonra, həmin posta real namizəd hesab olunan,ancaq milli mənsubiyyətinə görə təyin olunmayan Ümummilli Lider Heydər Əliyev idi. Qorbaçov və ətrafı çox gözəl başa düşürdülər, nə qədər ki, Heydər Əliyev vəzifədədir, onların avantürası baş tutmayacaq. Ona görə də, 1987- ci ilin noyabrında müxtəlif bəhanələrlə, səhhətini əsas götürərək onun istefasına nail oldular və cəmi üç aydan sonra,Dağlıq Qarabağda separatçılığa rəvac verərək, gələcəkdə böyük bir dövlətin parçalanmasına, milyonlarla insanın faciəsinə səbəb oldular.
İlk növbədə əsrin əvvəlindən başlamış və müəyyən fasilələrlə həyata keçirilmiş, tarixi Azərbaycan torpaqları olan indiki Ermənistandan 250 000-dən artıq soydaşımız deportasiya olundu. Dağlıq Qarabağ Muxtar vilayətinin mərkəzi Xankəndində vilayətin Ermənistana birləşdirilməsi ilə əlaqədar davamlı mitinqlər təşkil olundu və azərbaycanlılara qarşı hücumlar,ağır cinayətlər törədildi. Bütün bunlara qarşı Bakı şəhərində və respublikamızın bütün bölgələrində xalq ayağa qalxdı. Ancaq Qorbaçov və onun əlaltıları cinayətlərin qarşısını almaq əvəzinə susurdu. O dövrdəki Respublika rəhbərliyi isə, qaçqınları Qarabağ ərazisində məskunlaşdırmaq, erməni separatçılarına qarşı kəsərli tədbirlər görmək əvəzinə,kor təbii olaraq mərkəzdən gələn tapşırıqları icra edir,hələ də “erməni azərbaycan” dostluğuna inanırdılar. Nəticədə heç bir zərurət olmadan yanvarın 19- dan 20- sinə keçən gecə sovet ordusunun hissələri Bakıya daxil olaraq,əlində heç bir silahı olmayan mülki əhalini gülləbaran etdilər. Fikir verin, hadisə baş verməmişdən əvvəl yox, məhz sonra “ fövqəladə rejim”tətbiq olundu.Respublikanın giriş və çıxışları məhdudlaşdırıldı. Baş verənlər barədə əhalinin məlumatı olmaması üçün televiziyanın əsas bloku partladıldı.Belə bir şəraitdə ən vacib məsələlərdən biri, baş vermiş qətliamla bağlı məlumatları dünya birliyinə çatdırmaq idi və o zaman Moskvada yaşayan ümummilli Lider Heydər Əliyev və oğlu indiki Prezident İlham Əliyev Azərbaycanın daimi nümayəndəliyinə gələrək,çoxsaylı jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirdi.Dövrün siyasi konyukturasının yaratdığı təhlükələrə baxmayaraq Heydər Əliyev, azərbaycan xalqına baş sağlığı verərək, törədilmiş cinayətdə dövlət başçısı Qorbaçovu günahlandırdı. Proseslərin ictimaiyyətdən gizlədilməsi ilə bağlı yaradılmış informasiya blokadası yarıldı.
Tarixi nöqteyi nəzərdən gələcəkdə bir daha belə faciələrin yaşanmaması üçün, hər birimizin çıxarmalı olduğu nəticələr ondan ibarətdir ki, cinayəti törədənlərdən tutmuş iştirakçıların məsuliyyət dərəcələri dəqiqliklə müəyyənləşdirilməlidir.
1. Ən böyük məsuliyyəti Mixail Qorbaçov,onun komandası və erməni daşnaklarının üzərinə düşür.
2. Qətiyyət və prinsipiallıq göstərmədən, öz qorxaq davranışları ilə kor təbii mərkəzin tapşırıqlarını yerinə yetirən və bununla da xalqın qəzəbinə səbəb olan Azərbaycan kommunist partiyasının rəhbərliyi.
3. Yaranmış xaotik vəziyyətdən, xalqın Qarabağa görə, azadlıq və vətənpərvərvərlik hisslərindən sui istifadə edən,dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq, əli yalın insanları aldadaraq tankların qarşısına çıxaran populst meydan qəhrəmanları.Onlar silahsız insanları, müxtəlif avtobuslar, avtomobillərdən qurduqları barrikadalarda, sadəcə əllərinə armatur verməklə,yalandan silahların çatdırılacağı barədə aldatmaqla qırğının miqyasını daha genişləndirdilər.Özləri isə ara qarışan kimi qaçıb gizləndilər.
Çox təəssüflər ki, yanvar faciəsi xalqımızın tarixində sonuncu olmadı.1988- ci ildən başlayan bu proses 1993- cü ilə qədər, cəmi beş il ərzində beş siyasi hakimiyyətin, yaranmış gərginlik nəticəsində bir birinin ardınca, xalqı taleyin ümidinə buraxaraq öz canlarını götürüb qaçmalarına səbəb oldu. Nəticədə torpaqlar itirildi,separatçılıq baş aldı,xalq vətəndaş müharibəsinə sürükləndi,ölkəmizin dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi yarandı.
Əgər xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi,əvvəlki illərdə olduğu kimi kimi, neçə siyasi qüvvə hakimiyyətə gələrdi və ümumiyyətlə Azərbaycan adında dövlət mövcud olardı ya yox. Təsəvvür belə etmək, insanda vahimə yaradır.
İllər ötdükcə 20 yanvar şəhidləri Azərbaycan xalqının azadlıq simvoluna çevrildi.Respublikamıza gələn dövlət və hökumət başçıları, rəsmi qonaqlar,milyonlarla xarici turistlər, məktəblilər Şəhidlər xiyabanını ziyarət edir,ehtiramlarını bildirirlər. 20 yanvar şəhidləri, azərbaycan xalqının dünya sivilizasiyasına,demokratik inkişafa, xalqların azadlıq mücadiləsinə, müstəmləkəçiliyə qarşı verdiyi ən böyük töhvə hesab olunur.Ağır olduğu qədər, fəxr etməli tarixdir.
Hər zaman olduğu kimi bu hüzün günü ilə bağlı qılınan namazlarda, oxunan quranda şəhidlərimizə dualar oxunaraq, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr arzu edilib.
Uğurunda canlarını verdikləri müstəqillik ideyaları, bu günki güclü Azərbaycanın timsalında reallaşmışdır.
Bütün şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah yardımçı olsun.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA