mediaxeber.info
mediaxeber.info

Ölkə Prezidenti Pambıqçılıqla bağlı müşavirə keçirib

19-12-2019 | Oxunub: 464 |

Ölkə Prezidenti Pambıqçılıqla bağlı müşavirə keçirib

Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib
Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.

Dövlətimizin başçısı müşavirədə giriş nitq söylədi.

Prezident İlham Əliyevin giriş nitqi

-Biz bu gün pambıqçılıq sahəsində görülmüş işlərə yekun vuracağıq. Pambıq yığımı demək olar ki, başa çatıbdır. Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz. Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik.
Eyni zamanda, biz bu gün növbəti illərdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparacağıq və təkliflər səslənəcək ki, bundan sonra da pambıqçılıq uğurla inkişaf etsin. Pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, ta qədim dövrlərdən Azərbaycan ərazisində pambıqçılıqla kəndlilər məşğul olmuşlar. Statistika isə 1913-cü ildən artıq pambıqçılıqda baş verən inkişafı nəzərə alır. 1913-cü ildə Azərbaycanda 100 min hektarda pambıq əkilmişdir və hektardan məhsuldarlıq cəmi 6 sentner təşkil edirdi. Ondan sonrakı dövrlərdə pambığın istehsalı artmışdır. Ancaq ən sürətli artım ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində nəinki pambıqçılıq, kənd təsərrüfatının bütün başqa sahələri də uğurla inkişaf etmişdir. Əgər statistikaya nəzər salsaq görərik ki, onun dövründə baramaçılıq, üzümçülük, pambıqçılıq, meyvəçilik, tərəvəzçilik pik həddə çatmışdır. Beləliklə, kəndlərdə yaşayan insanlar öz maddi durumunu yaxşılaşdırmış, evlər tikmiş, maşınlar, məişət texnikası almışlar. Bir sözlə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdəki fəaliyyəti Azərbaycanı müttəfiq respublikalar arasında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə ucaltmışdır. Bundan daha önəmli məsələ ondan ibarətdir ki, Azərbaycanda yaşayan insanların rifah halı böyük dərəcədə yaxşılaşdırılmışdır.
Məlumat üçün deyə bilərəm ki, 1969-cu ildə Heydər Əliyev birinci katib seçiləndə Azərbaycanda 200 min hektarda pambıq əkilmişdir və 300 min tona yaxın məhsul götürülmüşdür, yəni, məhsuldarlıq orta hesabla 15 sentner səviyyəsində idi. Ancaq 1980-ci illərin əvvəllərində həm məhsuldarlıq artmışdır, 30 sentnerə yaxınlaşmışdır, hətta bir neçə ildə 30 sentnerdən də üstün idi və pambıq tədarükü sabit surətdə təqribən 800 min ton səviyyəsində olmuşdur. 1981-ci ildə isə bu rəqəm 1 milyon tona qalxmışdır.
Heydər Əliyev Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də, o cümlədən pambıqçılıqda vəziyyət tənəzzülə doğru getdi, üzümçülük demək olar ki, tamamilə sıradan çıxarıldı. Deyə bilərəm ki, bu da həm sovet rəhbərliyinin, həm də o vaxt Azərbaycan rəhbərliyinin cinayəti nəticəsində baş vermiş hadisə idi. Çünki üzümçülüyün Azərbaycanda böyük ənənələri var idi. Heydər Əliyevin dövründə istehsal 2 milyon tona qalxmışdır. Yəni, Azərbaycan sovet məkanında ən çox üzüm istehsal edən respublika idi. Bizdən sonra gələn respublikalar heç 1 milyon ton üzüm istehsal edə bilmirdi. Bizdə isə istehsal 2 milyon ton idi. Təsəvvür etmək çətin deyil ki, bu, nə qədər böyük xeyir gətirirdi həm respublikaya, həm də kəndlilərə. Üzümçülüyə çox böyük ziyan vurulmuşdur və o vaxt bizim üzüm bağlarımız dağıdılırdı. Yəni, çox böyük xəyanətkar və cinayətkar siyasət aparılaraq demək olar ki, Azərbaycanın kənd təsərrüfatı məhv edilirdi. Əfsuslar olsun ki, bunu edənlər o vaxt Azərbaycan rəhbərliyində olan şəxslər idi.
Dediyim kimi, Heydər Əliyev 1982-ci ildə Moskvaya gedəndən sonra pambıqçılıqda tənəzzül dövrü başlamışdır, istehsal yavaş-yavaş azalırdı. Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda pambıq istehsalı 500 min tona, 1993-cü ildə isə 280 min tona düşmüşdür. Bildiyiniz kimi, müstəqillik dövrünün ilk illəri çox ağır keçirdi, ölkə çox ağır vəziyyətdə idi. Ermənistan işğalı, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına gətirilmişdir. Ölkədə total böhran - siyasi böhran, hərbi böhran, iqtisadi böhran hökm sürürdü, inflyasiyanın səviyyəsi 1000 faizdən çox idi, sənaye müəssisələri iflic vəziyyətdə, kənd təsərrüfatı dağılmış vəziyyətdə idi, ölkədə talançılıq, rüşvətxorluq, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar, məhv edirdilər. Sanki onlar hansısa cinayətkarın əmrini icra edirdilər. Bunun nəticəsində əlbəttə ki, həm sənaye iflic oldu, kənd təsərrüfatı tamamilə dağıdıldı və həm də ölkə idarəolunmaz vəziyyətə düşdü. Yalnız xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna gətirildi və bu gün biz bu inkişafın təzahürlərini həyatımızın bütün sahələrində görürük.
O vaxt ağır vəziyyətdən çıxmaq üçün iki əsas amil həyata keçirilməli idi. Onlardan biri xarici sərmayəni cəlb etmək idi və biz buna nail olduq. Bu il “Əsrin kontraktı”nın 25 illiyini qeyd edərkən bir daha bu kontraktın əhəmiyyəti və Ulu Öndərin bu sahədə gördüyü tarixi işlər haqqında mən öz fikirlərimi bölüşmüşdüm və bildirmişdim ki, biz ölkəyə milyardlarla dollar həcmində investisiya qoyulmasına nail olduq. Digər çıxış yolu özəlləşdirmə ilə bağlı idi. O vaxt çox ciddi iqtisadi islahatlar aparılmağa başlamışdır, torpaq kəndlilərə, fermerlərə verilmişdir. Bu, əlbəttə ki, düzgün addım idi. Ancaq o da həqiqətdir ki, sovet vaxtından qalan texnika demək olar sıradan çıxmışdır, aqrotexniki tədbirlərin görülməsi üçün müasir standartlara cavab verən təcrübə yox idi, gübrə, pestisidlər ilə bağlı problemlər özünü kifayət qədər kəskin büruzə verirdi. Yanacaq çatışmazlığı da böyük problem idi. Ona görə özəl qurumlar, kəndlilər və fermerlər pambığın istehsalını müasir səviyyədə təşkil etmək üçün böyük çətinliklər çəkirdilər. Kəndliləri bunda günahlandırmaq olmaz. Ancaq pambıqtəmizləmə zavodlarını özəlləşdirmiş, pambıqçılığı inkişaf etdirməyə söz vermiş özəl şirkətlərin fəaliyyəti əlbəttə ki, qənaətbəxş hesab oluna bilməz. Daha dəqiq desəm, onların fəaliyyəti ən pis qiymətə layiqdir. Demək olar ki, onların yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycanda pambıqçılıq məhvə doğru gedirdi, pambıq yetişdirən rayonlarda işsizlik geniş vüsət alırdı. Özəl qurumlar bu vəzifənin öhdəsindən gələ bilmədilər, lazımi səviyyədə sərmayə qoymadılar, pambıqtəmizləmə zavodlarını səmərəli işlədə bilmədilər və deyə bilərəm ki, bu məsələyə bütövlükdə çox biganə yanaşdılar. Beləliklə, pambıqçılıqda çox böyük tənəzzül yaşandı. Əslində biz bu gəlirli, bizim üçün ənənəvi olan əməktutumlu sahəni demək olar ki, itirirdik. Bir rəqəmi deyə bilərəm, 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir və 35 min ton məhsul tədarük edilmişdir. Baxın, pambığın tədarükü 1981-ci ildəki bir milyon tondan 35 min tona düşdü.
Bilirsiniz, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının bütün təzahürləri Azərbaycanda vardır. Bir rəqəmi demək kifayətdir ki, bizim iqtisadiyyatımızın hazırda 85 faizi özəl sektorda formalaşır. Strateji dövlət müəssisələrindən başqa, bütün qalan müəssisələr özəl sektorda fəaliyyət göstərir. Bazar iqtisadiyyatının qanunları diktə edir ki, bazar liberallaşsın, iqtisadiyyata dövlət müdaxiləsi minimum səviyyəyə endirilsin və bu iqtisadi məsələləri bazar münasibətləri tənzimləməlidir.
Ancaq biz həyatda görürük ki, bu mənzərə ilə heç də hər zaman üzləşmirik. Xüsusilə müstəqilliyi yeni qazanmış ölkələrdə dövlət müdaxiləsi zəruridir. Əgər dövlət siyasəti olmasaydı, bu gün biz bu uğurlara nail ola bilməzdik. Əgər dövlət energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatına dəstək, sənayenin inkişafı sahələrində öz ciddi addımlarını atmasaydı, öz siyasətini ortaya qoymasaydı, bu gün hansı uğurlardan söhbət gedə bilərdi?! İnfrastruktura özəl sektor pul qoya bilərmi? Əlbəttə ki, yox. Üzümçülüyə, hansı ki, fermer gəliri ən azı 7 il gözləməlidir, dövlət dəstəyi olmadan kimsə vəsait qoya bilərmi? Pambıqtəmizləmə zavodlarının yenidən qurulmasına dövlət dəstəyi olmadan kim vəsait qoyar? Biz indi pambıq tədarükü üçün ən müasir texnika alırıq, - Amerika istehsalı olan “John Deere” kombaynları, - 400-dən çox kombayn almışıq. Texnikanın alınmasına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik. Hansı özəl şirkət bunu öz üzərinə götürə bilər? Ona görə görəndə ki, biz pambıqçılıq sahəsini də itiririk və bu, böyük problemlərə gətirib çıxarar, mən dərhal göstəriş verdim, bu məsələ ilə özüm məşğul olmağa başladım. Gördüm ki, bu sahədə bazar iqtisadiyyatı prinsipləri işləmir, çox ciddi tədbirlər planı tutuldu və 2017-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olundu. Biz Dövlət Proqramı əsasında pambıqçılığı dörd il ərzində demək olar ki, dirçəltdik və ən yüksək nəticələrə çatdıq.
Beləliklə, dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnika alınmışdır. Qeyd etdiyim kimi, 400-dən çox pambıqyığan kombayn almışıq, onların da böyük əksəriyyəti Amerikanın ən qabaqcıl şirkəti olan “John Deere”in daha məhsuldardır və keyfiyyətə görə ən yüksək standartlara cavab verən kombaynlarıdır. Bu, bizə imkan verdi ki, pambığın 87 faizini texnika ilə yığa bilək və əl əməyi aşağı düşdü. Ancaq bununla paralel olaraq, biz, əlbəttə ki, pambıqçılığı əməktutumlu sahə kimi inkişaf etdirərkən, ilk növbədə, məşğulluqla bağlı olan problemləri diqqət mərkəzində saxlamışıq və buna nail olmuşuq.
Suvarma tədbirləri. 100 min hektarda suvarma tədbirləri görülmüşdür. Hamımız yaxşı bilirik ki, bu il çox quraqlıq il olmuşdur və tarixdə bu dərəcədə quraqlıq heç birimizin yadında deyil. Ancaq buna baxmayaraq, pambıq tarlalarında su təminatı təşkil edilmişdir. Əlbəttə ki, əgər dövlət investisiyalar qoymasaydı, kanallar çəkməsəydi, meliorasiya və su idarəsinə vəsait ayırmasaydı, indi pambıq ya əkilməzdi, ya da əkilib tarlalarda qalacaqdı və yanacaqdı.
Pambıqla məşğul olan fermerlərə güzəştli kreditlər verildi. Pambıqtəmizləmə zavodlarında təmir-bərpa, sazlama işləri aparıldı. Eyni zamanda, Ucar rayonunda müasir texnologiya əsasında yeni pambıqtəmizləmə zavodu inşa edilmişdir. 2016-cı ildən pambığın hər kiloqramına görə istehsalçılara dövlət tərəfindən 10 qəpik subsidiya verilməyə başlanmışdır. 2015-ci ildə pambığın satınalma qiyməti 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik idisə, 2018-ci ildən bu rəqəm 65 qəpiyə qaldırıldı və bu da çox həvəsləndirici amildir. Pestisidlər güzəştlə verilməyə başlanmışdır. Hər hektara güzəştlər 10 manatdan 50 manata qaldırıldı. Gübrələr üçün güzəştlər isə 100 manatdan 150 manata qaldırıldı. Bütün bu addımlar dövlətin bu sahəyə göstərdiyi diqqətin və önəmin təzahürüdür. Təsadüfi deyil ki, nəticə də özünü qısa müddət ərzində büruzə verdi.
Əlbəttə ki, pambıqçılığı inkişaf etdirərkən biz sosial amili də həmişə diqqət mərkəzində saxlamışıq. Çünki qeyd etdiyim kimi, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Hazırda Azərbaycanda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan işlərə cəlb edildi. Yəni, pambıqçılığın bir neçə istiqaməti var və hər istiqamət üzrə minlərlə, on minlərlə yeni iş yerləri yaradıldı. Təsəvvür edin ki, 20 rayonda 200 minə yaxın iş yerinin yaradılması nə deməkdir. İndi bizim rayonların əhalisi orta hesabla təqribən 100-150 min, maksimum 200 min nəfər təşkil edir. Demək olar ki, hər rayonda orta hesabla 10 min insan ancaq pambıqçılıqla məşğul olur. Təbii ki, bu rayonlarda işsizliklə bağlı problemlər uğurla həll olunur. Eyni zamanda, bizim çox gözəl indikatorumuz var. Bildiyiniz kimi, sosial müdafiəni gücləndirmək üçün biz indi 40 minə yaxın ödənişli ictimai iş yeri yaratmışıq, dövlət tərəfindən maliyyələşir. İş tapa bilməyən vətəndaşlar bu ictimai iş yerlərində işlə təmin olunurlar. İndi pambıq yetişdirən rayonlarda artıq bu işlərə də tələbat azalır. Çünki insanlar gedib pambıqçılıqda daha böyük pul qazanırlar və beləliklə, öz maddi vəziyyətlərini yaxşılaşdırırlar.
Beləliklə, dörd il ərzində görülmüş kompleks tədbirlər nəticəsində biz pambıqçılığı dirçəltdik. Bəzi rəqəmləri gətirməklə mən bu sözləri təsdiqləyəcəyəm. Beləliklə, 2015-ci ildə, - o ildə ki, artıq mən bu sahəni itirdiyimizi gördüm, - 18 min hektardan 35 min ton pambıq tədarük edilmişdir. Hər hektardan məhsuldarlıq 18,8 sentner idi. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkildi və 89 min ton pambıq tədarük edildi. Yəni, 2016-cı il bizim pambıqçılıqla ciddi məşğul olduğumuz birinci ildir, hektardan məhsuldarlıq 17 sentnerdən bir qədər çox idi. 2017-ci ildə biz pambıq əkini sahələrini kəskin artırdıq. Onu da bildirməliyəm ki, sonra biz bəzi torpaqların düzgün seçilmədiyini gördük və o torpaq sahələrini azaltdıq. Ancaq əlbəttə ki, biz hər şeyi bəri başdan görə bilməzdik. Ona görə biz 2017-ci ildə 136 min hektarda pambıq əkdik və 207 min ton məhsul götürdük. Hektardan məhsuldarlıq isə 15,2 sentnerə düşdü, çünki bəzi torpaqlar pambıqçılıq üçün yararsız idi. 2018-ci ildə artıq əkin sahələri azalmağa başlamışdır və 132 min hektarda pambıq əkildi. Ancaq daha çox məhsul götürdük, 233 min ton. Hektardan məhsuldarlıq artdı və 17,6 sentnerə qalxdı. Bu il isə hesab edirəm ki, ən optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq 29,4 sentner olmuşdur. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir.
Məndə 1980-ci illərin statistik məlumatları da var. Deyə bilərəm ki, ancaq tarixdə cəmi üç il Azərbaycanda hektardan məhsuldarlıq 30 sentnerdən çox olmuşdur. Bu, 1979-cu ildə 30,8 sentner, 1980-ci ildə 35,4 sentner və 1981-ci ildə 35,9 sentner təşkil etmişdir. Bütün tarix boyu cəmi üç il ərzində hektardan məhsuldarlıq 30 sentnerə yaxın olmuşdur və bu il biz bunu artıq görürük. Əminəm ki, bundan sonra görüləcək tədbirlər nəticəsində məhsuldarlıq daha da artacaq. İndi bu barədə burada məlumat veriləcək. Çünki indi pilot layihələr var. Pilot layihələrdə pambıq müasir texnologiya əsasında əkilir və orada məhsuldarlıq daha çoxdur. Əgər biz indi pilot layihələri ölkə üzrə geniş yaysaq, əlbəttə ki, 100 min hektardan daha çox məhsul götürəcəyik.
Pambıqçılıq çox gəlirli kənd təsərrüfatı sahəsidir. Onu da xatırlayıram ki, mən 2015-ci ildə bu məsələ ilə özüm şəxsən məşğul olmağa başlayanda bəzi hökumət üzvləri hesab edirdilər ki, pambıqçılıq, ümumiyyətlə, Azərbaycandan çıxarılmalıdır. Bu, gəlirsiz sahədir və bunun heç bir perspektivi, gələcəyi yoxdur. Mən, sözün düzü, təəccüb etdim, çünki necə ola bilər ki, əsrlər boyu pambıq yetişdirilib, əsrlər boyu bizim kəndlər bu sahədə fəal olub. Bu, ənənəvi sahədir, böyük təcrübəmiz var, insanlar buna öyrəşiblər. Məgər sovet dövründə bilmirdilər ki, harada pambıq əkilə bilər, harada əkilə bilməz. Sovet dövründə hər şeyi bilirdilər. Dövlət Plan Komitəsi var idi, hər şeyi dəqiqliyi ilə bilirdilər harada nə əkilməlidir, harada nə tikilməlidir. Ona görə yenə də deyirəm, bizim baxışlarımız və çox məqsədyönlü siyasət pambıqçılığı gəlirli sahəyə çevirdi və artıq gəlirlər zənciri də yaradıldı. Bir də ki, pambıq ixracyönümlü məhsuldur. Mahlıcı satmaq üçün bazar axtarmaq lazım deyil, dünya birjalarında satılır. İndi hər bir ölkənin istehsalçıları qarşısında duran əsas məsələlərdən biri də bazara çıxışlardır. Çünki bazarlar da məhdudlaşır. Bir çox ölkələr öz tələbatını daxili imkanlar hesabına ödəməyə başlayıblar. İdxaldan asılılığı azaltmaq təkcə bizim siyasətimiz deyil, bir çox ölkələr bu yolla gedirlər. Bizim ənənəvi bazarlarımızın yerləşdiyi ölkələr əgər gələcəkdə öz tələbatını daxili resurslar hesabına təmin edəcəklərsə, biz haraya mal satacağıq və nəyi satacağıq. Pambıq o məhsullardandır ki, bunun üçün bazar axtarmaq lazım deyil. Birja var və birjada satılır. Özü də biz, - bu barədə də danışacağıq, - əgər yığımdan son məhsula qədər bu zənciri yaratsaq, - biz bunu yaratmalıyıq, - onda hər bir zəncirin sonunda əlavə dəyər formalaşacaq. Beləliklə, bu işlərə cəlb edilən əmək qüvvəsi daha da böyüyəcək və gəlir daha da artacaq.
Biz hazırda bu işin ilkin mərhələsindəyik. Ancaq buna baxmayaraq, deyə bilərəm ki, bu ilin doqquz ayında pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gəlir gətiribdir. Yəni, 111 milyon dollar dəyərində məhsul, o cümlədən 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib. Eyni zamanda, pambıqçılıq sənayesinin tullantılarından heyvan yemi kimi də istifadə olunur. Bu rəqəmlər onu göstərir ki, biz hazırda mahlıc ixrac edirik. Ancaq əsas vəzifə nəinki pambıq ipliyi, - bu, birinci hədəfdir, - əsas məsələ son məhsul ixrac etməkdir. Bunun üçün də bizim aidiyyəti qurumlar, hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi pambıqçılığın sənaye sahəsinə təkan verə biləcək müəssisələri yaratmaq üçün gərək fəal işləsinlər, investorları cəlb etsinlər və güzəştli kreditlər versinlər.
Qeyd etdiyim kimi, bu il məhsuldarlıq çox yüksək olubdur - rekord həddə. Ancaq bunu bütün rayonlara aid etmək mümkün deyil. Ona görə indi gətirəcəyim rəqəmlər hər bir rayon rəhbərliyi üçün siqnal olmalıdır. Çünki bu gün bu müşavirədə Prezident Administrasiyasının, mərkəzi icra orqanlarının nümayəndələri, iyirmi rayonun icra başçıları və şirkətlərin nümayəndələri iştirak edirlər. Beləliklə, bu il yeddi rayonda məhsuldarlıq 30 sentnerdən yuxarı olubdur. Bunlar ardıcıllıqla aşağıdakı rayonlardır: Tərtər - 34,8 sentner, Bərdə - 33,7 sentner, Salyan - 33,2 sentner, Neftçala - 31,6 sentner, Ağcabədi - 30,7 sentner, Saatlı - 30,4 sentner və Beyləqan - 30,3 sentner. Bu, onu göstərir ki, həm fermerlər, həm şirkətlər, həm də rayon rəhbərliyi bu işlərə çox məsuliyyətlə yanaşıblar və belə gözəl nəticələr əldə edilibdir. Üç rayonda məhsuldarlıq 30 sentnerə yaxındır - Biləsuvar rayonu – 29,5 sentner, Sabirabad rayonu – 29,2 sentner və Ağdam rayonu- 28,2 sentner. Yeddi rayonda məhsuldarlıq 20 sentnerdən çoxdur və bu rayonlar nəticə çıxarmalıdır. Üç rayonda isə məhsuldarlıq 20 sentnerdən azdır. Bax, bu rayonlarda çox ciddi təhlil aparılmalıdır, nə üçün, bunun səbəbi nədir? Bunun səbəbi olmalıdır. Ucar – 19,3 sentner, Hacıqabul – 14,4 sentner, Ağsu – 9,9 sentner. Hacıqabul və Ağsu rayonlarının icra başçıları dəyişdirildi, yeni icra başçıları təyin edildi. Onlar bu işləri geniş təhlil etməlidirlər və sonra məlumat verməlidirlər ki, məhsuldarlıq nə üçün çox aşağı səviyyədədir.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA