mediaxeber.info
mediaxeber.info

Çin Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etdi

5-02-2020 | Oxunub: 472 |

Çin Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etdi

Çində belə bir məsəl var: “Həqiqi dost pis gündə tanınır”. Çin xalqının üzləşdiyi bu çətin günlərdə biz dostlarımızla düşmənlərimizi daha yaxşı ayırd edir, çətinliklərimizi aradan qaldırmaq üçün bizimlə birlikdə mübarizə aparan dostlarımızın dəyərini daha yaxşı bilirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Szinpinə ünvanlandığı məktubda epidemiyanın yayılmasının və insan tələfatının qarşısının alınması ilə bağlı Çin hökumətinin atdığı addımları, bu işdə Çin xalqının əzmkarlığını yüksək qiymətləndirib. Prezident İlham Əliyev vurğulayıb ki, bu müvəqqəti çətin günlərdə Azərbaycan xalqı dost Çin xalqı ilə həmrəydir və ona hərtərəfli yardım göstərməyə hazırdır. Çin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir, Azərbaycanı dost ölkə, etibarlı dost və mühüm tərəfdaş hesab edir, uzun illər ərzində Azərbaycan tərəfi ilə mövcud olan qarşılıqlı siyasi etimadın, praktiki və səmərəli fəaliyyətin səviyyəsini yüksək qiymətləndirir. Azərbaycan cəmiyyətinin müxtəlif dairələrinin sonsuz qayğısı, diqqəti və maddi dəstəyi bu qış bizi isindirir və buna görə sizə səmimi təşəkkürümüzü bildiririk.

Mediaxeber.info xəbər verir ki, bunu ÇXR-in Azərbaycandakı müvəqqəti işlər vəkili Li Cinsonq fevralın 4-də Çin səfirliyində Azərbaycanın bir sıra aparıcı KİV-lərinin nümayəndələri ilə görüşündə bəyan edib.

Görüş Çində yeni tip koronavirus epidemiyası, bu epidemiyaya qarşı mübarizədə Çin hökuməti və xalqı tərəfindən görülən tədbirlərlə bağlı vəziyyət, habelə epidemiya dərəcəsini səmərəli, elmi və obyektiv müəyyən etmək və lüzumsuz qorxudan qurtulmaq üçün Çinin beynəlxalq birlik, o cümlədən Azərbaycanla əməkdaşlığı barədə məlumatlandırma məqsədi ilə təşkil edilib. Li Cinsonq deyib:

«Bu yaxınlarda Uxan şəhərində yeni tip koronavirus infeksiyasının yayılması ilə əlaqədar Çində pnevmoniya epidemiyası başlayıb. Epidemiya beynəlxalq birliyin xüsusi diqqətini cəlb edib. Koronavirus pnevmoniyası infeksiyasının yeni növü artıq bir aydan çoxdur Çin ərazisində tüğyan edir. Təəssüf ki, infeksiyanın yayılması Çinin milli bayramı – Bahar bayramı ilə bir vaxta təsadüf edib. Bayram tətilləri insanların fəal hərəkətdə olduqları və qohum-əqrəbaları sıx görüşdükləri dövrdür ki, bu da xəstəliyin yayılmasına şərait yaradır. Hazırda Çində 20 mindən çox adam bu infeksiyaya yoluxub. Bəzi ölkələrdə də yeni tip koronavirusa yoluxmanın təsdiq edilmiş və ehtimal olunan halları aşkar edilib. Çin qısa müddətdə yoluxmuş insanı sürətlə identifikasiya edən səmərəli virus reaktivləri hazırlayıb. Təsdiq edilmiş faktların sürətlə artmasının əsas səbəbi də budur. Çin bütün səviyyələrdə intensiv mətbuat konfransları keçirmək, epidemiyanın ümumi vəziyyəti ilə bağlı rəqəmləri yeniləmək yolu ilə vəziyyətin inkişafı barədə bütün dünyanı vaxtında məlumatlandırır, insanların dürüst informasiya əldə etmək hüququnu təmin edir. Bu, dünyanın böyük dövlətlərindən biri kimi Çinin yüksək məsuliyyətini nümayiş etdirir. Hazırda sağalma hallarının sayı artır, peyvəndlərin və xüsusi preparatların öyrənilməsi və tətbiqi prosesi sürətlənir. Epidemiyanın qarşısını almaq mümkündür, ona nəzarət edilə bilər və bu xəstəlik müalicə olunandır. Özümüzə əminlik hissi, bacarığımız və resurslarımızın yetərincə olması epidemiya üzərində sürətlə qələbə çalmağımıza imkan verir”.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
SATİRA
DÜNYA